İDMAN
Zaqatala şəhər stadionunda yenidənqurma işləri davam edir
Bakı, 26 iyun (AZƏRTAC). Zaqatala şəhər stadionunda yenidənqurma işləri davam edir.
AZƏRTAC xəbər verir ki, artıq mərkəzi arenanın köhnə süni ot örtüyünün sökülməsi işləri gedir. Bundan əvvəl isə drenaj sisteminin yenilənməsi və digər hazırlıq işləri görülmüşdür.
İyunun əvvəllərindən işlərə başlayan Bolqarıstanın “Dinamik Resurs” şirkətinin əməkdaşları əsas meydança ilə paralel olaraq ehtiyat meydanda da yenidənqurma işlərini davam etdirirlər. Növbəti mövsüm başlananadək işlərin tamamlanması nəzərdə tutulmuşdur.
Köhnə süni ot örtüyü söküldükdən sonra onun materiallarından istifadə edilməklə Zaqatalanın böyük kəndlərində yeni meydançalar salınacaqdır. Həmin meydançalarda “Simurq” futbol məktəbləri açmaq, ucqar kəndlərdən mərkəzə gələ bilməyən uşaqların futbolun sirlərini öyrənməsi üçün imkanlar yaradılması nəzərdə tutulur. Burada seçilənlər komandanın aşağı yaş qruplarının əsas heyətlərinə cəlb olunacaqlar. Zaqatala şəhər stadionunda isə Hollandiyanın “Edel Qras” şirkətinin FİFA-nın ikiulduzlu standartlarına cavab verən və 2013-cü il istehsalı süni ot örtüyü döşənəcəkdir.
Bundan əlavə, stadionun texniki sahələri də təmir ediləcəkdir. Soyunub-geyinmə və digər texniki otaqlarda yenilənmə işləri görüləcəkdir.