REGİONLAR
Zaqatalada avtomobillərində konstruksiya dəyişikliyi edən sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb
Zaqatala, 28 avqust, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin artırılması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbirlər zamanı xüsusilə də nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı, digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan sürücülər müəyyən olunub. Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib edilib.