CƏMİYYƏT
ZAQATALADA ƏMƏYİN MÜHAFİZƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Zaqatala, 27 aprel (AZƏRTAC). 28 aprel - Dünya Əməyin Mühafizəsi günü münasibətilə Zaqatala şəhərində “Yeni şəraitdə əmək sferasının profilaktikası və risklərin qiymətləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Həmzə Süleymanov bildirmişdir ki, cəmiyyətin diqqətini işləyən insanların taleyinə, onların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltmək üçün Beynəlxalq Əmək Təşkilatının qərarına əsasən hər il aprelin 28-i Dünya Əməyin Mühafizəsi günü kimi qeyd olunur. 2004-cü ildən etibarən isə bu gün Azərbaycanda da dövlət səviyyəsində silsilə tədbirlərlə qeyd edilir.
Seminarda 17 saylı bölgə üzrə Dövlət əmək müfəttişliyinin rəisi Hüseyn Razıyevin “Yeni şəraitdə əmək sferasının profilaktikası və risklərin qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, Azərbaycanda bu qurum ümummilli liderimiz Heydər Əliyevin müvafiq Fərmanı ilə yaradılmışdır. Hazırda respublikanın 17 bölgəsində əmək müfəttişlikləri, habelə əməyin mühafizəsi üzrə norma və standartları təsdiq edən mərkəzi və səyyar laboratoriyalar fəaliyyət göstərir. 17 saylı bölgə üzrə Dövlət əmək müfəttişliyi xidmət göstərdiyi Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında əmək qanunvericiliyinə işəgötürənlər tərəfindən əməl olunmasına dövlət nəzarətini həyata keçirir.
Bölgə müfəttişliyi 2009-cu ildə və 2010-cu ilin birinci rübündə xidmət göstərdiyi rayonlarda 116 idarə, müəssisə və təşkilatda yoxlamalar aparmışdır. Nəzarət zamanı aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması üçün müfəttişlik tərəfindən ciddi tədbirlər görülmüşdür. Təkcə 2009-cu ildə 16 işəgötürənə 19 min manat məbləğində cərimə tətbiq olunmuş və vəsaitin ödənilməsi təmin edilmişdir.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.