CƏMİYYƏT
ZAQATALADA GÖRKƏMLİ OFTALMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN XATİRƏSİ ANILMIŞDIR
Zaqatala, 27 aprel (AZƏRTAC). Zaqatala şəhərindəki akademik Zərifə Əliyeva adına Liseydə görkəmli oftalmoloq alimin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzi parkında ucaldılmış abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları liseyin foyesində görkəmli oftalmoloq alimin xatirəsinə həsr olunmuş sərgiyə baxmışlar.
Mərasimin əvvəlində akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən “Xatirəyə çevrilən ömür” və “Zərif bir işıq” sənədli filmləri nümayiş etdirilmişdir.
Liseyin direktoru Vəfa Süleymanova “Azərbaycan qadınının tərənnümü” mövzusunda məruzəsində akademik Zərifə Əliyevanın mənalı həyat yolu və yorulmaz fəaliyyəti barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, dünya təbabətində özünəməxsus yeri olan, tibb elmində gur çıraq kimi şölələnən Zərifə xanım Əliyeva fitri istedada malik alim, Tanrının xalqımıza bəxş etdiyi heyrətamiz dərəcədə pak və nadir insan idi. Onun mənalı ömrü, keçdiyi şərəfli həyat yolu bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir vətən övladı, Azərbaycanın vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Təbiətin ona bəxş etdiyi keyfiyyətlər, uzun illər boyu yorulmaq bilmədən çalışmaq əzmi onu harmonik bir şəxsiyyətə çevirmişdi. Zərifə Əliyeva Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirmiş insanlıq, qadınlıq meyarı idi. İşıqlı bir həyat yaşayan Zərifə xanım görkəmli oftalmoloq alim, qayğıkeş həkim, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüşdür.
Tədbirdə çıxış edənlər ömürlərə sevinc, gözlərə nur bəxş etmiş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini xüsusi vurğulamışlar.
Sonra rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Milli Məclisin deputatı Hikmət Atayev görkəmli alimin 87-ci ildönümü münasibətilə liseydə keçirilmiş bilik və idman yarışlarının, əl işləri müsabiqəsinin qaliblərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim etmişlər.
Tədbirdə məktəblilərin ifasında şeirlər səslənmiş, mahnılar oxunmuş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
######