REGİONLAR
Zaqatalada güclü qasırğanın törətdiyi fəsadlar aradan qaldırılır
Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a bildiriblər ki, işçi qruplarının yerlərdə apardıqları müayinə və araşdırmalar zamanı 700-ə yaxın müxtəlif diametrli iri gövdəli ağacın yıxıldığı, dövlət mənzil fonduna aid və digər çoxmənzilli evlərin, inzibati binaların, sosial təyinatlı və sahibkarlıq obyektlərinin, fərdi evlərin 9281 kvadratmetr dam örtüyünə ciddi ziyan dəydiyi müəyyən olunub.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən rayona 50 kubmetr taxta materialı və 2 min ədəd dəmir kirəmit örtük göndərilib.
Rayonun müvafiq strukturlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində hazırda təbii fəlakətin törətdiyi fəsadlar əsasən aradan qaldırılıb. İndiyədək daxili imkanları hesabına ümumtəhsil məktəblərinin, uşaq bağçalarının, məcburi köçkünlərin məskunlaşdıqları keçmiş internat məktəbinin, mənzil istismar idarəsinin balansında olan çoxmənzilli binaların dam örtükləri təmir edilib, elektrik, rabitə və qaz xətləri bərpa olunub. Güclü külək nəticəsində dam örtüyü uçmuş 48 çoxmənzilli binanın damında 4340 ədəd şifer və 1180 kvadratmetr dəmir örtük yenilənib. Bundan əlavə, şəhərin küçələrində 82 metr uzunluğunda bardür və 145 kvadratmetr sahədə səki daşları bərpa edilib. Hazırda 19 binanın damında təmir-bərpa işləri davam etdirilir.