REGİONLAR
Zaqatalada indiyədək 285 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb
Zaqatala, 6 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
110 saylı Zaqatala seçki dairəsində bu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Təqvim planı”na uyğun davam etdirilir.
Dairə seçki komissiyasının sədri Fikrət Mustafayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, budəfəki seçkilərdə dairə üzrə 16 bələdiyyəyə ümumilikdə 160 nəfər bələdiyyə üzvü seçiləcək. Hazırda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi davam etdirilir. Noyabrın 6-dək dairə üzrə 285 nəfərin namizədliyi irəli sürülüb. Bu proses noyabrın 22-si axşam saatlarınadək davam edəcək.
Dairənin tərkibinə daxil olan 47 seçki məntəqəsinin hər biri səsvermə gününə tam hazırdır. Bütün seçki məntəqələri zəruri avadanlıq, rabitə və digər texniki vasitələrlə təmin edilib. Hazırda 5 məntəqədə veb-kamera quraşdırılır. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə seçicilərin ümumi sayı 48 min 195 nəfərdir.