REGİONLAR
Zaqatalada Respublika Şahmat Olimpiadası başa çatıb
Zaqatala, 31 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə avqustun 21-dən 31-dək keçirilən yarışda respublikamızın 44 şəhər və rayonunu təmsil edən 502 şahmatçı mübarizə aparıb. Olimpiada İsveçrə sistemi üzrə 11 turdan ibarət olaraq FIDE qaydalarına əsasən keçirilib və şəxsi-komanda xarakteri daşıyıb. Şahmatçılar A və B qrupları üzrə yarışıblar. A qrupunda 12-16 yaşlarında, B qrupunda isə 12 yaşadək şahmatçılar mübarizə aparıblar.
Avqustun 31-də olimpiadanın bağlanış mərasimi olub.
Mərasimdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayon gənclər və idman idarəsinin rəisi Araz Əliyev və Respublika Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək belə yarışların bölgələrdə idmanın şahmat növünün kütləviliyinin daha da artmasına böyük təkan verdiyini bildirib, şahmatçılara gələcək yarışlarda uğurlar arzulayıblar.
Olimpiadanın yekun nəticələrinə əsasən, A qrupu üzrə 16 yaşadək şahmatçılardan təşkil olunan komandaların yarışında Sumqayıt təmsilçiləri qalib gəlib. Sonrakı yerləri Bakı və Gəncə komandaları tutublar. B qrupu üzrə 12 yaşadək şahmatçıların komanda yarışlarında isə hər üç yerə paytaxt şahmatçıları sahib çıxıblar.
Mərasimin yekununda komanda yarışlarının qaliblərinə, həmçinin müxtəlif yaş qrupları üzrə şəxsi birinciliklərdə ilk üç yeri tutan oğlan və qız şahmatçılara Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının və Zaqatala Rayon İcra Hakimiyyətinin medal, diplom və qiymətli hədiyyələri təqdim olunub.