İQTİSADİYYAT
“Zəngi” liseyində “Gələcəyin mühəndisləri” layihəsinin təqdimatı olmuşdur
Bakı, 29 noyabr (AZƏRTAC). ARDNŞ-in İnsan Resursları Departamenti Şirkət üçün prioritet sayılan neft və qazın axtarışı, hasilatı, emalı, qazma, geofizika və digər sahələr üzrə mütəxəssisləri aşkar etmək, eləcə də onlarda bu sahəyə olan marağı daha da artırmaq məqsədi ilə “Gələcəyin mühəndisləri” layihəsinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, noyabrın 27-28-də Departamentin təlim və inkişaf şöbəsinin əməkdaşları tərəfindən Bakıdakı “Zəngi” liseyində 9-11-ci sinif şagirdləri üçün layihənin təqdimatı keçirilmişdir. Görüş zamanı layihənin məqsədi, gənc kadrların sırf istehsalat sahəsində işə başlamaq imkanlarının əhəmiyyəti vurğulanmış, bunun gələcəkdə karyeraya müsbət təsiri geniş izah olunmuş, bu sahənin nə dərəcədə vacib və məsuliyyətli olduğu məktəblilərin nəzərinə çatdırılmışdır. Şagirdlərə neft-qaz, geologiya-geofizika, kimya, mexanika, kompyuter, ekologiya üzrə mühəndislik ixtisaslarını seçmələri tövsiyə olunmuşdur. Sonda liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəfiyə Cəbrayılova gənc nəslin inkişafına böyük önəm verən layihələri dəstəkləyəcəklərini və onların reallaşdırılmasında yaxından iştirak edəcəklərini vurğulamışdır.