İDMAN
Zepp Blatter: Ronaldu saç düzümünə Messidən çox pul xərcləyir
Bakı, 29 oktyabr (AZƏRTAC). Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Yozef Blatter bildirmişdir ki, “Barselona”nın forvardı Lionel Messini 2013-cü ilin ən yaxşı futbolçusu seçərdi, hərçənd “Real”ın hücumçusu Kriştianu Ronaldu da buna layiqdir.
Xarici KİV-lər Blatterin bu sözlərini yaymışlar: “Messi yaxşı oğlandır. Hər bir komanda onu öz heyətində görmək istərdi. O, çox çevikdir və sanki rəqs edərək futbol oynayır. Ronaldu komandirə bənzəyir, lakin saç düzümünə başqalarından çox pul xərcləyir. Hər ikisi xoşuma gəlir, lakin mən Messiyə üstünlük verirəm”.
Xatırladaq ki, son dörd ildə Qızıl topa layiq görülmüş argentinalının, habelə portuqaliyalının adları ilin ən yaxşı oyunçusu mükafatına namizədlərin qısa siyahısında yer almışdır.
AZƏRTAC xəbər verir ki, milli yığmaların məşqçiləri və kapitanları, habelə mətbuat nümayəndələri arasında səsvermənin yekunlarına görə qalibin adı yanvarın 13-də Sürixdə elan ediləcəkdir.
FİFA-nın başçısı vurğulamışdır ki, yalnız öz fikrini bildirmişdir. Dünyanın ən yaxşı futbolçusu da elə ilin yekunlarına görə Qızıl top alan oyunçu olacaqdır.