REGİONLAR
Zərdabda milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirəsi ehtiramla anılıb
Zərdab, 22 iyul, AZƏRTAC
Zərdabda 22 İyul - Milli Mətbuat Günü təntənəli surətdə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, Milli Məclisin deputatı Jalə Əliyeva, ziyalılar, ictimaiyyət nümayəndələri və KİV əməkdaşları milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin abidəsi önünə gələrək heykəlinin qarşısına gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. İcra başçısı Mərdan Camalzadə və deputat Jalə Əliyeva mətbuat işçilərini Milli Mətbuat Günü münasibətilə təbrik ediblər. Həsən bəy Zərdabinin ev-muzeyi ilə tanışlıqdan sonra muzeyin direktoru Vəfa Bayramova dahi ədibin həyat və fəaliyyəti, “Əkinçi” qəzetinin milli mətbuatımızın inkişafındakı rolu, Azərbaycanda demokratik mətbuatın formalaşması, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirməsi, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verilməsi barədə ətraflı danışıb.
Qeyd edib ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir.
Sonda milli mətbuatın yaranmasının 147-ci ildönümü münasibətilə bir qrup KİV əməkdaşı mükafatlandırılıb.