REGİONLAR
Zərdabda suvarma suyu ilə normal təminat istiqamətində ardıcıl tədbirlər görülür
Zərdab, 10 avqust, AZƏRTAC
Zərdab rayonunda əkinlərin, eləcə də həyətyanı sahələrin ilboyu, xüsusilə yaz, yay və payız aylarında suvarma suyu ilə normal təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təkcə cari ilin ötən müddətində Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən rayonun Sarıqaya, İsaqbağı, Bıçaqçı, Şıxbağı və Qoruqbağı kəndlərinin ərazisində 5,2 kilometr məsafədə 93,4 min kubmetr həcmində bəndin təmiri, 6,2 kilometr məsafədə 129,3 min kubmetr həcmində qayakəsmə, 3 kilometr məsafədə 68 kubmetr həcmində betonla sahilbərkitmə işləri görülüb.
Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı idarəsi tərəfindən də rayon ərazisində 133 kilometr uzunluğunda, 399 min kubmetr kollektor-dren şəbəkəsi lildən təmizlənib, 12 ədəd hidrotexniki qurğu cari təmir edilib.