CƏMİYYƏT
Zərdablı veteranlar dövlət qayğısı ilə tam əhatə olunmuşlar
Zərdab, 29 noyabr (AZƏRTAC). Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Zərdab rayon təşkilatının IX konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda rayon təşkilatının sədri Hüseyn Həsənovun hesabat məruzəsi dinlənilmiş, müzakirələr aparılmışdır.
Tədbirdə Prezident İlham Əliyevin bu il oktyabrın 7-də Zərdaba səfərindən, bir sıra obyektlərin, o cümlədən 72 kilometr məsafədən gətirilmiş su kəmərinin açılışında iştirakından, sakinlərlə görüşündən bəhs olunmuşdur. Veteranlar dövlətimizin başçısına rayonun sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, İkinci Dünya müharibəsində Zərdabdan cəbhəyə 3384 nəfər döyüşçü getmiş, onlardan 1407-si geri qayıtmamışdır. Müharibədən sağ-salamat qayıdan 1977 zərdablıdan hazırda 34 nəfəri yaşayır. Zərdablılar bu gün də həmyerliləri, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovla, üç “Şöhrət” ordenli Muradalı Heydərovla fəxr edirlər.
Məruzə və çıxışlarda ulu öndərimiz Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin veteranlara göstərdikləri diqqət və qayğıdan da geniş bəhs olunmuşdur. Göstərilmişdir ki, Zərdabın Kür çayı sahilindəki parkında Məlik Məhərrəmovun büstü qoyulmuş, Prezidentin 2011-ci il 19 may tarixli Sərəncamı ilə Muradalı Heydərova Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdü verilmişdir. Habelə 11 müharibə veteranına “Oka” markalı minik maşını verilmişdir. Bir o qədər də veteran yollayışla təmin edilərək müalicəyə göndərilmişdir. Ümumiyyətlə, veteranlara mütəmadi olaraq maddi yardım göstərilir, ehtiyacı olanlara mənzil verilir.
Konfransda, həmçinin nəzarət-təftiş komissiyasının hesabatı da dinlənilmişdir.
Rayon təşkilatının 33 nəfərdən ibarət yeni tərkibi, Respublika Veteranlar Şurasının V qurultayına nümayəndələr seçilmişdir.
Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.