DÜNYA
Zimbabvedə brakonyerlər kalium sianid ilə 81 fili zəhərləmişlər
Bakı, 25 sentyabr (AZƏRTAC). Zimbabvenin hakim dairələri ölkənin ən böyük milli parkı olan Xvanqe parkında fillərin kütləvi şəkildə ölümcül zəhərlənməsi faktını araşdırır. Zimbabvedə bu heyvanlar daha çox Xvanqe parkında yayılmışdır. Hazırda 81 filin tələf olduğu bildirilir.
Son məlumatlara görə, tələf olmuş fillərin otlaqlarında qızılçıxarma sənayesində istifadə edilən zəhərli maddə tapılmışdır.
Əvvəllər bildirilmişdi ki, heyvanların su içdikləri yerlərdəki su zəhərlənmişdir. Heyvanların öldürülməsi ilə bağlı iş üzrə brakonyer olduğu ehtimal edilən doqquz nəfər saxlanmışdır.
Fillər Asiyanın qara bazarlarında yüksək qiymətləndirilən dişləri ucbatından tələf edilir. Bu, fillərin kütləvi məhvi ilə bağlı ilk hadisə deyildir.
Sentyabrın əvvəlində Zimbabvedə elə həmin parkda 40-dan çox filin kalium sianid ilə zəhərlənməsində şübhəli bilinən beş nəfər həbs edilmişdir.