DÜNYA
Zimbabvenin yeni prezidenti hökumətdə əsas postlara hərbçiləri yerləşdirib
Bakı, 1 dekabr, AZƏRTAC
Zimbabvenin yeni Prezidenti Emmerson Mnanqaqva tərkibinə yüksək vəzifəli hərbçilərin daxil olduğu yeni hökuməti formalaşdırıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Robert Muqabe zamanında Zimbabvenin Hərbi-Hava Qüvvələrinin başçısı postunu tutan Perens Şiri kənd təsərrüfatı və torpaq işləri naziri olub. Mnanqaqva, həmçinin ölkədə baş verən son hadisələrdə aktiv rol oynayan general Sibusio Moyonu xarici işlər naziri təyin edib. Bundan başqa, yeni hökumətdə sabiq prezident Muqabeyə qarşı çıxan hərbi veteranlar assosiasiyasının üzvləri də yer alır.
Muqabe dövründə təyin olunan bəzi nazirlər öz postlarında qalsa da, digər müxalifət nümayəndələri Nazirlər Kabinetinə daxil edilməyib.
Xatırladaq ki, noyabrın ortalarında Mnanqaqvanı dəstəkləyən hərbçilər Zimbabvedə nəzarəti ələ almışdı. Hakim partiya və müxalifət Muqabeni istefaya səsləmiş və o, noyabrın 21-də prezident postunu könüllü tərk etməyə razılıq vermişdi.
Zimbabvenin sabiq vitse-prezident Emmerson Mnanqaqva Robert Muqabe istefaya getdikdən sonra Cənubi Afrika Respublikasından ölkəsinə qayıdaraq dövlət başçısı postuna yiyələnib.