MƏDƏNİYYƏT
“Zirvədəki şəxsiyyətlər” layihəsi çərçivəsində növbəti tədbir Xalq Şairi Səməd Vurğuna həsr olunmuşdur
Bakı, 31 oktyabr (AZƏRTAC). Oktyabrın 31-də “Zirvədəki şəxsiyyətlər” layihəsinin növbəti tədbiri keçirilmişdir. Tədbir Xalq Şairi Səməd Vurğuna həsr olunmuşdur.
AZƏRTAC xəbər verir ki, şairin adını daşıyan fondun, ev-muzeyinin və “Bura Vətəndir” məclisinin təşkilatçılığı ilə keçirilmiş tədbir Fəxri xiyabandan başlamışdır.
Tədbir iştirakçıları əvvəlcə şairin məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Şairin nəvəsi və ev-muzeyinin direktoru Aygün Vəkilova, muzeyin elmi işçisi Aslan Salmansoy və başqaları dünyaşöhrətli şairin yaradıcılığından danışmışlar.
Daha sonra tədbir şairin ev-muzeyində davam etdirilmişdir. Şairin səsi yazılmış lent səsləndirilmişdir.
Tədbirdə filologiya elmləri doktoru, vurğunşünas alim Q.Bayramov, “Bura Vətəndir” məclisinin rəhbəri, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılova, filologiya üzrə fəlsəfə doktorları Fəridə Ləman və başqaları şairin yaradıcılığından söhbət açmışlar.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında şairin “Vaqif” dramının tamaşasından bir parça nümayiş etdirilmişdir.
Şairin nəticəsi, beynəlxalq müsabiqələr laureatı Prezident təqaüdçüsü Vurğun Vəkilovun pianoda ifası və bədii qiraətçilərin ifasında şairin şeirləri dinlənilmişdir.
Sonda Aygün Vəkilova iştirakçılara minnətdarlığını bildirmiş, belə tədbirləri şairə olan ümumxalq məhəbbətinin təzahürü kimi dəyərləndirmişdir.