ELM VƏ TƏHSİL
100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olunub
![](/files/galleryphoto/2015/3/1200x630/1448036044643729548_1200x630.jpg)
![](/files/galleryphoto/2015/3/1200x630/1448036044850221961_1200x630.jpg)
Bakı, 20 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi münasibətilə elmimizin inkişafındakı xidmətlərinə görə respublikanın qocaman və ilk informatik alimi, əməkdar elm xadimi, akademik İsmayıl İbrahimov “Şərəf” ordeni ilə təltif olunub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, “Şərəf” ordenini alimə evində AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib.
Akademik A.Əlizadə bu il 100 yaşını qeyd edəcək görkəmli elm xadimini təbrik edib, ona cansağlığı arzulayıb.
Akademik İ.İbrahimov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, AMEA-nın rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, İ.İbrahimov “İstehsalatın səmərəliliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi” adlı işinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülüb. Elmdə əldə etdiyi nailiyyətləri və elmi kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə çoxlu fəxri fərman, orden və mükafatlarla təltif edilib.
100 yaşlı alim AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilən vahid milli elmi informasiya fəzasının formalaşdırılması və Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası məqsədini daşıyan “Elektron elm” proqramı layihəsinin elmi məsləhətçisidir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində kadrların yetişdirilməsində onun böyük xidmətləri vardır. Akademik İ.İbrahimov nəzarət ölçü cihazları üzrə ilk mütəxəssisdir.