Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə, təhsilinə və elminə çox yüksək qiymət verdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan dili türk dilləri ailəsində özünəməxsus yeri, dərin kökləri, böyük ənənəsi olan çox zəngin dildir. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə mükəmməl dil siyasəti həyata keçirilir. Dil müstəqil dövlətin bayrağı, himni, gerbi kimi əsas atributlarından biridir.
Akademik İsa Həbibbəyli dövlətimizin başçısının AMEA-nın 70 illik yubileyində proqram xarakterli və dərin məzmunlu çıxışı zamanı Azərbaycan dili haqqında qiymətli fikirləri içərisində dilimizin saflığının qorunması ilə bağlı alimlərimiz, ziyalılarımız, ictimai xadimlərimiz qarşısında vəzifələr qoyduğunu söyləyib. Qeyd edib ki, qarşımızda duran başlıca vəzifələr dilimizin daxili imkanlar hesabına zənginləşməsinə elmin dəstəyini vermək və yad sözlərin dilimizə necə gəldi daxil olmasının qarşısını almaq yollarının müəyyənləşdirilməsindən ibarətdir.
AMEA prezidenti çıxışında Azərbaycan dilinin tətbiqi, ədəbi dil normalarının qorunması, dilimizin saflığının təmin olunması və digər istiqamətlərdə Nəsimi adına Dilçilik İnstitutunda mühüm tədqiqatlar aparıldığını vurğulayıb. Həmçinin Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ana dilimizin saflığının qorunması istiqamətində müntəzəm tədbirlər keçirdiyini, mediada, habelə mahnıların sözlərində monitorinqlərin aparıldığını və bunların kitab halında işıq üzü gördüyünü diqqətə çatdırıb.
Azərbaycan dilinin müstəqillik illərində daha da zənginləşdiyini, dünya dilləri sırasında öz yerini qoruduğunu bildirən AMEA rəhbəri dilimizə həm də yad təsirlərin olduğunu deyib, bunun qarşısını almaq üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Sonra Milli Məclisin VI çağırış deputatı Fazil Mustafa, mədəniyyət nazirinin müavini Səadət Yusifova, yazıçı-publisist Seyran Səxavət, Dövlət Dil Komisiyyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Xalq şairi Sabir Rüstəmxanlı, akademik Nizami Cəfərov, akademik Rafael Hüseynov və digər çıxışçılar dövlətimizin dil siyasətinin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi həyata keçirildiyini və mütəmadi qorunduğunu bildiriblər.