ELM VƏ TƏHSİL
Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində Lütfi Zadənin xatirəsi anılıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Ukraynanın Çerniqov Milli Texnologiya Universitetinin (ÇMTU) nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan Tədris-Mədəniyyət Mərkəzi dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin xatirəsinə həsr olunan tədbir keçirib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə mərkəzin direktoru, ÇMTU-nun maliyyə-iqtisad fakültəsinin dekanı, professor Marina Yurçenko və iqtisadiyyatda informasiya sistemləri kafedrasının müdiri, professor Andrey Akimenko görkəmli alimin dünya elminə verdiyi töhfələrdən danışıblar.
ÇMTU-nun iqtisadiyyatda informasiya sistemləri kafedrasının dosenti Natalya Şaxovnina Lütfi Zadənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Tədbirdə, həmçinin alimin müasir idarəetmə elminin əsasını təşkil edən və ən müasir diskret və rəqəmsal sistemlərin yaradılması texnologiyasına ciddi təsir göstərən fundamental nəzəriyyəsinin əsas nailiyyətləri təqdim olunub.