CƏMİYYƏT
Qaradağ rayonunda keçmiş məhkumdan 13 kiloqramdan artıq marixuana götürülüb VİDEO
Bakı, 8 yanvar, AZƏRTAC
Respublikanın daxili işlər orqanları cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Quliyev saxlanılıb. Polis İdarəsində həmin şəxsin üzərinə baxış zamanı ondan 7,29 qram marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı kimi A.Quliyevin yaşadığı evə baxış keçirilib. Bu zaman oradan külli miqdarda narkotik vasitə olan marixuana müəyyən edilərək götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 13 kiloqram 50 qram qurudulmuş marixuana olması barədə rəy verilib. Saxlanılan şəxs və götürülmüş maddi sübut istintaqa təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, A.Quliyev narkotik tərkibli çətənə kollarını bir müddət əvvəl həyətində əkərək onlara xüsusi üsulla qulluq edib. Daha sonra isə həmin marixuananı satmaq və şəxsi istifadəsi üçün qurudaraq özündə saxlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.