ABŞ Çinin monitorinqi üçün Tokiodakı səfirliyinə xüsusi əməkdaşlar göndərəcək
Bakı, 19 may, AZƏRTAC
ABŞ Çinin dövlət və biznes qurumlarının fəaliyyətini monitorinq etmək üçün Tokiodakı səfirliyinə xüsusi diplomat göndərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi ABŞ Dövlət Departamentinə istinadla məlumat yayıb.
Qeyd olunub ki, bu, Cozef Bayden administrasiyasının Çinə dair kəşfiyyat məlumatlarının toplanması işini sürətləndirmək səyləri çərçivəsində reallaşır.
ABŞ eyni məqsəd üçün artıq Banqkok, Brüssel, Roma və Sidneydəki diplomatik nümayəndəliklərinə əməkdaş təyin edib. Tokio ABŞ-ın Çini monitorinq etmək üçün Şərqi Asiya regionunda əməkdaş təyin etdiyi ilk şəhərdir.
Agentlik yazır ki, sözügedən diplomatlar hələ Donald Tramp administrasiyası dövründə Dövlət Departamentində təsis edilmiş Çin üzrə regional proqramın əməkdaşlarıdır. Onlar çalışdıqları ölkələrdə Çinə dair məlumatların toplanması və təhlili ilə məşğul olurlar.
Qeyd edək ki, dünyanın iki ən böyük iqtisadiyyatına malik ölkələri olan ABŞ ilə Çin arasında siyasi, iqtisadi, texnoloji və digər məsələlərdə qarşıdurma bəzən münasibətlərin pozulması həddinədək yaxınlaşıb.
Vaşinqtonda bəzi siyasətçilər Çini ABŞ-ın hegemonluğu üçün əsas təhdid kimi görürlər.
Rəsmi Pekin yüksək səviyyəli ABŞ rəsmiləri ilə görüşlərdə Vaşinqtonu dialoqa, əməkdaşlığa çağırıb. Pekində hesab edirlər ki, iki ölkə arasında qarşıdurma təkcə ABŞ və Çin üçün deyil, bütünlükdə dünya üçün yaxşı nəticələr verməyəcək.