ELM VƏ TƏHSİL
Bakı Slavyan Universiteti Türk Anadolu Liseyi ilə əlaqələrini genişləndirir
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Bakı Türk Anadolu Liseyinin müdir müavinləri Meral Bahar, Talib Keleş, Yakup Özden və bu təhsil ocağının musiqi müəllimi Ebru Kacqı ilə görüşüb.
BSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə N.Əliyeva Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələrindən danışıb, bu münasibətlərin qədim tarixi köklərə malik olduğunu vurğulayıb. BSU ilə Türkiyənin nüfuzlu universitetləri arasındakı əməkdaşlıq barədə qonaqlara məlumat verən rektor qeyd edib ki, təhsil və elm sahəsindəki tərəfdaşlıq iki qardaş ölkənin humanitar əlaqələrinə böyük töhfələr verməkdədir. Ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu bildirən N.Əliyeva Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın BSU-ya olan diqqətindən də danışıb.
M.Bahar diqqətə çatdırıb ki, təmsil etdiyi təhsil ocağı Türkiyənin Azərbaycandakı yeganə dövlət liseyidir. O, BSU-da türkiyəşünaslıq ixtisası üzrə tələbələrin təhsil almalarını, burada fəaliyyət göstərən Türkiyə Araşdırmaları Mərkəzinin işini yüksək dəyərləndirib.
T.Keleş və Y.Özden BSU ilə bağlı müsbət fikirlər səsləndiriblər. BSU-da magistratura pilləsində təhsil aldığını xatırladan Y.Özden bu universitetdə rəhbərlik tərəfindən yaradılan şəraitdən danışıb.
Görüşdə, həmçinin türk xalqlarının milli bayramları barədə söhbət aparılıb, Novruz adətləri, bu bayramın tarixi barədə maraqlı məlumatlar səsləndirilib.
Sonra qonaqlar Türkiyə Araşdırmaları Mərkəzi ilə tanış olub, mərkəzə bu ölkənin müxtəlif bölgələrinə dair simvolik hədiyyələr bağışlayıblar. Qonaqlar mərkəzin türk milli geyimləri ilə təmin olunmasında dəstək göstərəcəklərini bildiriblər. Sonda M.Bahar mərkəzin qonaqlar kitabına öz ürək sözlərini yazıb.