Udi gənclər Bilik Fondunun köməyi ilə dövlət dilimizi daha dərindən öyrənirlər



Qəbələ, 19 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun Nic qəsəbəsi dünyada udilərin yığcam şəkildə məşkunlaşdıqları yeganə yaşayış məskənidir. Ölkəmizdə tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində udilərlə bərabər azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri uzun illərdir mehriban qonşuluq, bir-birlərinin adət-ənənələrinə, mədəniyyətlərinə qarşılıqlı hörmət şəraitində yaşayırlar. Respublikamızın hər yerində olduğu kimi, bu qəsəbədə də müxtəlif xalqların milli mənəvi dəyərlərini, adət-ənənələrini qorumalarına, yaşatmalarına və inkişaf etdirmələrinə yüksək diqqət və qayğı göstərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun avqustun 19-da Qəbələ rayonunun Nic qəsəbəsindəki yeni açılan “Azərbaycan Udi Ocağı” mədəniyyət mərkəzində təşkil etdiyi “Azərbaycan dünyada tolerantlığın məkanıdır” mövzusunda “dəyirmi masa”da səsləndirilib.
Tədbirdə Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Nic qəsəbə icra nümayəndəsi İbrahim Məmmədov, “Cotari” alban kilsəsinin dini rəhbəri Rafiq Danakar və başqaları çıxış edərək Azərbaycan Prezidentinin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmizdə dünyada bənzəri olmayan sivil multikultural və tolerantlıq mühitinin yarandığını diqqətə çatdırıblar. Qeyd olunub ki, dövlətimizin başçısının dini icmaların fəaliyyəti üçün mütəmadi olaraq ayırdığı maliyyə yardımı ölkədəki multikultural dəyərlərin yüksək səviyyədə qorunmasının daha bir təzahürüdür. Bu diqqət və qayğı dini icmaların fəaliyyəti üçün geniş imkanlar açır. Digər dini icmalar kimi, Alban-Udi Xristian icması da bu qayğını daim hiss edir. Dövlətimizin başçısının bu qəsəbəyə səfərlər etməsi, qəsəbədəki Alban-udi kilsəsinin bərpası, “Azərbaycan Udi Ocağı” mədəniyyət mərkəzinin açılması bu qayğının bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, udilərə öz mədəniyyətini, dilini və dinini qoruyub saxlamaq üçün hər cür şərait yaradılıb. Hazırda Nic qəsəbəsində üç kilsə, iki məscid var. Hər məhəllədə müsəlmanların və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Altı min nəfər əhalisi olan qəsəbədə 3500-dən çox udi yaşayır. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Azərbaycanda milli mənəvi dəyərlərin, etnik rəngarəngliyin qorunmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğı yerli sakinlər tərəfindən razılıqla qarşılanır.
Qeyd olunub ki, Bilik Fondu yarandığı ilk günlərdən başlayaraq Nic qəsəbəsində müxtəlif tədbirlər, layihələr həyata keçirir. Fondun qəsəbədəki orta məktəbdə rus dilində təhsil alan udi gənclər üçün açdığı “Azərbaycan dili” kurslarında gənclər dövlət dilimizi böyük həvəslə öyrənirlər. Ödənişsiz əsaslarla artıq üç ildir fəaliyyət göstərən bu kursların dinləyicilərinə təlim-dərs prosesindən əlavə, Azərbaycan dili və ədəbiyyatına dair kitablar da hədiyyə olunur, intellektual yarışlar, gəzintilər, ekskursiyalar təşkil edilir.
Tədbir çərçivəsində kursun builki 12 məzununa sertifikatlar da təqdim olunub. Kursu bitirənlər adından çıxış edən Artur Mancari, Karlen Atoqoy, Olen Qukasari Bilik Fondunun və Alban-Udi Xristian icmasının rəhbərliyinə təşəkkürünü bildiriblər.
Sonda Bilik Fondu tərəfindən kursa iki yüz kitab hədiyyə olunub.