REGİONLAR
Heyvanların saxlanıldığı, bəslənildiyi və satışı həyata keçirilən obyektlərdə dezinfeksiya tədbirləri aparılır
Bakı, 31 avqust, AZƏRTAC
Heyvanların saxlanıldığı, bəslənildiyi və satışı aparılan obyektlərdə zərərli mikroorqanizmlərin məhv edilməsi məqsədilə dezinfeksiya tədbirləri davam etdirilir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Beyləqan Rayon Baytarlıq İdarəsi rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dezinfeksiya aparılan zaman xüsusilə yem və su qablarının, divarların aşağı hissələrinin, arakəsmələrin, kanalizasiya xətlərinin mexaniki təmizliyinə fikir verilir, təsərrüfatlarda mexaniki təmizlikdən sonra profilaktik dezinfeksiya işləri aparılır.
Dezinfeksiya məhlulları əraziyə DUK maşınları ilə güclü axın halında və ya avtomatik səyyar çiləyiçilərlə səpilib. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.
Tədbirin bundan sonra da aparılacağı nəzərdə tutulur.
Həmçinin cari ilin 7 ayı ərzində Beyləqan rayonunda 132 min 900 kvadratmetr ərazidə məcburi və profilaktik dezinfeksiya tədbirləri aparılaraq rayonda epizootik sabitlik qorunub.
Dövlət Baytarlıq Xidməti bildirir ki, cari ilin yanvar-iyul ayları ərzində respublikada 2497216,13 kvadratmetr sahə profilaktik, 369611 kvadratmetr sahə məcburi dezinfeksiya, 69100 kvadratmetr sahə dezinseksiya və 1186 kvadratmetr sahə deratizasiya tədbirlərinə cəlb olunub. Hazırda ölkə ərazisində epizootik durum sabitdir və təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.