İQTİSADİYYAT
11 kilometrlik dəmir yolu əsaslı təmir olunur
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 16-dan 11 kilometrlik dəmir yolu əsaslı təmir olunur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Alabaşlı stansiyasında 1700 metr uzunluğunda cüt yol, Soyuq Bulaq stansiyasında 2150 metr uzunluğunda tək və cüt yollar, Gəncə-Alabaşlı mənzilində isə 7,2 kilometr dəmir yolu təmir olunacaq. Təmir işləri on gün davam edəcək.
Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVIA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 458 kilometr dəmir yolu əsaslı təmir olunub.