SİYASƏT
Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır
Bakı, 25 aprel, AZƏRTAC
Laçında keçirilən konfransda iştirak etməyimə çox şadam. 2016-cı ildən etibarən Azərbaycanda hadisələrin inkişafını diqqətlə izləyirəm. Azərbaycana böyük marağım var. Bu, işğaldan azad edilmiş ərazilərə birinci səfərimdir. Mən Azərbaycan ilə Ermənistan arasında 2020-ci ildə baş vermiş müharibə haqqında kitabın müəllifiyəm və bu səbəbdən də burada olarkən xüsusi həyəcan hissi keçirirəm.
Bu sözləri AZƏRTAC-a “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçısı, Milandakı İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti, “Eurasiaticanews”un təsisçisi və direktoru Karlo Marino söyləyib.
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən böyük təəssüratla ayrıldığını qeyd edən Karlo Marino əlavə edib: “Dünən mənə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə iştirak etmək nəsib olub. Prezident məndə çox böyük təəssürat doğurdu. O, bizimlə üç saatdan çox görüşdü və bütün suallarımızı cavablandırdı. Mənim Prezidentə Azərbaycan ilə İtaliya arasında münasibətlər haqqında sual vermək imkanım oldu. Onun cavabı məni sevindirdi. Dövlət başçısı dedi ki, iki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir və qarşılıqlı fəaliyyət, o cümlədən yaşıl iqtisadiyyat sahəsində əməkdaşlıq üçün çoxlu yeni imkanlar mövcuddur”.
Ölkəmizin beynəlxalq arenada müsbət imicə malik olduğunu vurğulayan Karlo Marino əlavə edib ki, qarşıdakı COP29 konfransı Azərbaycan üçün öz potensialını bütün dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır.
Qonaq sonda deyib: “Bu hadisə Azərbaycanın böyük uğurudur və eyni zamanda, bütün bəşəriyyətə aiddir. Əgər özümüzü ətraf mühitə həsr etsək və döyüşməyi dayandırsaq, dünya daha yaxşı olar”.