Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB
Xaçmaz, 28 sentyabr, AZƏRTAC
Gəndov–Yalama avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına doqquz nəfər müraciət edib.
AZƏRTAC xəbər verir ki, müraciət edənlərdən altısı Şabran, ikisi Ağsu, biri isə Naxçıvan sakinidir.
Yaralıların müalicəsi xəstəxananın müvafiq şöbələrində davam etdirilir.
23:35
Sentyabrın 27-də saat 22:15 radələrində Gəndov–Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, əks istiqamətlərdə hərəkətdə olan VAZ-2106 və VAZ-2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər ağır xəsarət alıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, avtomobillərdə ümumilikdə altı nəfər olub.
Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Müxbir Elxan Yusifli