ELM VƏ TƏHSİL
129 nömrəli məktəbdə Vətən müharibəsi qazisi ilə görüş olub
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakı şəhəri 129 nömrəli tam orta məktəbdə 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları məktəbin həyətindəki şəhid abidəsinin qarşısına gül qoyub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbir iştirakçıları Zəfər tariximizə aid rəsm və əl işlərindən ibarət sərgi ilə də tanış olublar.
Bu barədə AZƏRTAC-a məktəbdən məlumat verilib. Bildirilib ki, məktəbin konfrans zalında təşkil edilən tədbir Vətən müharibəsində Kəlbəcər, Suqovuşan, Talışkənd uğrunda gedən döyüşlərin iştirakçısı, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” layiq görülən qazi Nurlan Məhərrəmli ilə görüşə həsr olunub.
Görüşün məqsədi 44 günlük Vətən müharibəsi barədə şagirdlərə məlumat vermək, onları Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uğurlu diplomatiyası, rəşadətli Ordumuzun qəhrəmanlığı, şəhidlər haqqında maarifləndirmək, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək olub.
Tədbirdə çıxış edən Nurlan Məhərrəmli Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıb, şagirdlərə ordumuzun şücaəti, şəhidlərimizin qəhrəmanlığı haqqında məlumat verib.
Sonra Vətən müharibəsini, Zəfər tariximizi əks etdirən videoçarx nümayiş olunub. Şagirdlər Vətən, şəhidlər haqqında şeir deyib, mahnı oxuyublar.
İbtidai sinif rəhbərləri Jalə Mehdiyeva və Fərqanə Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlərə Vətən müharibəsi, Zəfər tariximiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və sarsılmaz iradəsi, rəşadətli Ordumuzun dünya hərb tarixinə yazdığı hərbi strategiya, həmçinin igid oğullarımız, şəhidlərimiz haqqında məlumat verilib.
Sonda məktəbin direktoru Vətən müharibəsi iştirakçısı Nurlan Məhərrəmliyə “Məktəbin fəxri qonağı” diplomunu təqdim edib.