REGİONLAR
Oğuzda ali məktəblərə qəbul olunanların 91 nəfəri pedaqoji ixtisaslara üstünlük verib
Oğuz, 19 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 318 nəfər oğuzlu məzundan 209 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 40 nəfəri 500 baldan, o cümlədən 6 nəfər 600 baldan yuxarı nəticə göstərib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon Təhsil Şöbəsinin metodisti Emin Əzimli məlumat verib.
Bildirilib ki, qəbul imtahanlarında yüksək bal toplayan məzunların 3 nəfəri Oğuz şəhər 1 saylı tam orta məktəbin yetirmələridir. Belə ki, məktəbin məzunu Rəfiqə Allahverdiyeva qəbul imtahanlarında 654 bal toplayaraq, rayon üzrə ən yüksək nəticəyə nail olub. O, Bakı Ali Neft Məktəbində təhsil alacaq. Məktəbin məzunlarından Minayə İslamova və Elgün Həbibullayev müvafiq olaraq 640 və 618 bal toplayaraq, Bakı Dövlət və İqtisad universitetlərinin tələbəsi adını qazanıblar.
Şöbənin əməkdaşının sözlərinə görə, aparılan təhlillər nəticəsində məlum olub ki, ali məktəblərə qəbul olunanların 91 nəfəri və ya 43,5 faizi pedaqoji, 28 nəfəri maliyyə, uçot, menecment, iqtisadiyyat, 35 nəfəri mühəndis-texniki, 8 nəfəri hərbi-idman, 6 nəfəri turizm-otelçilik, 41 nəfəri isə digər ixtisaslara üstünlük veriblər.