SİYASƏT
NATO Parlament Assambleyasının 65-ci illik sessiyası Londonda keçiriləcək
Bakı, 10 oktyabr, AZƏRTAC
Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 65-ci illik sessiyasında iştirak etmək üçün oktyabrın 10-da Böyük Britaniyanın paytaxtı Londona səfər edəcəklər.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, illik sessiya çərçivəsində əvvəlcə NATO PA-nın komitə iclasları keçiriləcək. Komitə iclaslarında müxtəlif mövzuları əhatə edən 15 hesabat və 7 qətnamə layihəsi müzakirə ediləcək. İllik sessiya çərçivəsində, həmçinin son dövrdə görülən işlər, növbəti il üçün fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparılacaq, maliyyə sənədləri təqdim olunacaq, NATO dəyərlərinin qorunması, NATO prinsiplərinə sadiqlik əsas müzakirə mövzuları olacaq.
Nümayəndə heyətimizin üzvləri tədbirlərdə müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcəklər.
Səfər oktyabrın 15-də başa çatacaq.