İDMAN
Asif Sayadov: Bakıda keçiriləcək vinq-çun üzrə Avropa çempionatına 30-a yaxın ölkənin idmançıları qatılacaqlar
Bakı, 12 dekabr, AZƏRTAC
Gələn il Bakıda keçiriləcək vinq-çun üzrə Avropa çempionatına 30-a yaxın ölkənin idmançıları qatılacaqlar.
Bu sözləri Azərbaycan Vinq-çun Döyüş Sənəti Federasiyasının prezidenti, Əməkdar məşqçi Asif Sayadov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Federasiya rəhbəri ölkəmizdə keçiriləcək vinq-çun üzrə Avropa çempionatı barədə danışarkən deyib: “Çində keçirilən konfransda növbəti ildə baş tutacaq Avropa çempionatına ev sahibliyi etmək üçün bizimlə birlikdə 9 ölkə öz namizədliyini irəli sürdü. Azərbaycan irimiqyaslı yarışların öhdəsindən məharətlə gəldiyi üçün yarışın bizim ölkəmizdə keçirilməsi qərara alındı. Bu səbəbdən yanvarda Dünya Vinq-çun Birliyinin vitse-prezidenti Donald Mak ölkəmizə gələcək. Vitse-prezident yarışın keçiriləcəyi arena və idmançıların qalacaqları yerlərlə tanış olacaq. D.Mak Bakı səfərində Gənclər və İdman naziri Azad Rəhimovla da görüşəcək. Biz Azərbaycan Vinq-çun Döyüş Sənəti Federasiyası olaraq bu yarışa ev sahibliyi etməyə tam hazırıq”.
Çində keçirilən dünya çempionatı haqqında məlumat verən A.Sayadov vurğulayıb: “Noyabrın 29-dan dekabrın 2-dək Çinin Foşan əyalətində vinq-çun üzrə VI dünya çempionatı keçirildi. Mundialda 41 ölkədən 780 idmançı iştirak edirdi. Azərbaycan milli komandası yarışdan 6 medalla Vətənə qayıtdı. Yarışda Elsevər Zülfiyev, Nihat Azayev və mən ustalar arasında bütün rəqiblərə qalib gələrək qızıl medal qazandıq. Bizim üçün fəxr idi ki, vinq-çunun vətənində idmanın bu növü üzrə dünya çempionatında Azərbaycan bayrağını üç dəfə zirvələrə qaldırdıq. Digər üç idmançımız Əlfi Məmmədov, Arzuman Rəsulzadə və Mahmud Mehdioğlu isə gümüş medala layiq görüldülər. Təbii ki, biz bu nəticəni gözləmirdik. Çindən, döyüş sənətlərinin vətənindən belə nəticə ilə Azərbaycana dönmək bizə inandırıcı gəlməsə də, biz bunu bacardıq”.
Əməkdar məşqçi bildirib ki, dekabrın 22-25-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək döyüş növləri üzrə “Prezident kuboku” beynəlxalq festivalında 100 idmançı ilə iştirak edəcəklər. Bu festivalda 11 idman növü üzrə yarışlar keçiriləcək. “Prezident kuboku”nun qaliblərinin yanvarda İstanbulda keçiriləcək beynəlxalq turnirdə iştirak hüququ qazanacaqlarını bildirən A.Sayadov festivalda iştirak edəcək bütün idmançılara uğurlar arzulayıb.