DÜNYA
Maniladan Tokioya uçan sərnişin təyyarəsi alışaraq yanıb
Tokio, 30 mart, AZƏRTAC
Martın 29-da axşam saatlarında Filippinin Manila şəhərindən Yaponiyanın “Haneda” aeroportuna uçan çarter reysi alışaraq yanıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, təyyarənin göyərtəsindəki 8 nəfər və heyət üzvləri həlak olublar.
Bildirilir ki, yerli vaxtla axşam saat 8 radələrində Tokioya uçan kiçik təyyarə Manila beynəlxalq aeroportunun uçuş-enmə zolağında alışaraq yanıb. Hadisə yerindən şahidlərin çəkdiyi videogörüntülərdə böyük alov və qara tüstü görünür.
Aeroport rəhbərliyinin bildirdiyinə görə, təyyarənin göyərtəsində müalicə üçün Yaponiyaya gedən xəstə, onu müşayiət edən ailə üzvləri və tibbi personal olub. Onlardan birinin ABŞ, daha birinin Kanada və 6-nın Filippin vətəndaşı olduğu qeyd edilir.
Hazırda hadisənin baş verməsi səbəbləri araşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio