ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində diplomatiya üzrə kadr hazırlığı yüksək qiymətləndirilib
Bakı, 18 may, AZƏRTAC
Beynəlxalq münasibətlər üzrə tanınmış amerikalı ekspert, siyasi analitik və araşdırmaçı jurnalist Peter Tasenin dünya mediasında “Xalq diplomatiyasının inkişafı: Azərbaycan nümunəsi” adlı elmi məqaləsi dərc edilib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu multikulturalizm siyasətinin yeni tarixi şəraitdə inkişaf etdirilərək, onun ölkənin daxili və xarici siyasətinin mühüm amili kimi təqdim olunması istiqamətində görülən işlərdən bəhs edilib. Eyni zamanda, xarici siyasətin ayrılmaz tərkib hissəsi olan diplomatiya və mədəni diplomatiya üzrə peşəkar kadr hazırlığında Bakı Dövlət Universitetinin (BDU) rolu xüsusi vurğulanıb. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Bildirilib ki, tanınmış politoloq Peter Tase Ermənistanın Azərbaycan Respublikasına təcavüzü və Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üzrə mühüm tədqiqatların müəllifidir. Məqalə Paraqvay, İspaniya, ABŞ və Venesuleada yayımlanıb.