ELM VƏ TƏHSİL
160 NÖMRƏLİ KLASSİK GİMNAZİYADA ƏNƏNƏVİ MƏZUN GECƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 31-də 160 nömrəli Bakı klassik gimnaziyasında ənənəvi məzun gecəsi keçirilmişdir. Gecədə məktəbi müxtəlif illərdə bitirmiş keçmiş şagirdlər iştirak etmişlər. Əvvəlcə gimnaziyanın himni səslənmişdir.
Gimnaziyada 150 pedaqoji işçi, o cümlədən 5 elmlər namizədi, 4 əməkdar müəllim, 20-dək ekspert və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası testlərinin müəllifi, 20 yeni proqram, dərs vəsaiti və məqalə müəllifi, Təhsil Nazirliyinin müxtəlif fərqlənmə nişanları ilə təltif edilmiş 25 müəllim çalışır, 30 millətin nümayəndələri olan 2500 şagird təhsil alır.
Gimnaziyanın direktoru, əməkdar müəllim Faina Ələkbərovanın sözlərinə görə, pedaqoji kollektivin əsas məqsədi cəmiyyətimiz üçün yaradıcı, yüksək təhsilli və fayda gətirən şəxsiyyət formalaşdırmaq, inkişaf etdirmək, universal təhsilə istiqamətlənməkdir. YUNESKO şəbəkəsinin assosiativ üzvü olan məktəb 10-11-ci siniflərin peşə yönümü (humanitar, texniki, iqtisadi yönümlü təhsil) nəzərə alınmaqla, vahid bazis standartı əsasında formalaşdırıldığı ilk məktəbdir. Məktəb bir çox beynəlxalq təhsil və mədəni proqramlarda fəal iştirak edir. Gimnaziyada kompyuter texnologiyaları uğurla tətbiq edilir, 60 kompyuter yerləşdirilmiş 2 kompyuter zalı vardır, birinci sinifdən informatika dərsləri keçilir. TQDK-nın məlumatına görə, gimnaziya 1995-ci ildən ali məktəblərə qəbulun nəticələrinə görə ən yaxşı təhsil ocaqlarından biri sayılır. F.Ələkbərova qeyd edir ki, bu il 154 məzunumuzdan 18-i yüksək bal toplamışdır. Bu, çox yaxşı göstəricidir. Məktəb 12 nəfər Prezident təqaüdçüsü ilə də fəxr edir. Qeyd etmək lazımdır ki, məktəbdə olmuş Avropa Şurasının təhsil üzrə ekspertləri, YUNESKO-nun nümayəndələri və kollektivin fəaliyyətini yüksək qiymətləndirmişlər.
F.Ələkbərova onu da bildirmişdir ki, gimnaziyada məktəb parlamenti, tarix muzeyi, şən və hazırcavablar klubu, “Nə? Harada? Nə vaxt?” komandası, xor, “Lalələr” rəqs ansamblı fəaliyyət göstərir. “Lalələr” ansamblı Türkiyədə keçirilmiş folklor festivallarında iki dəfə iştirak etmişdir.
Bundan əlavə, Milli Məclisin deputatı Anar Məmmədxanov, Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Xanlar Hacıyev, yazıçı Çingiz Abdullayev, “Moy serebryannıy şar” (“Mənim gümüş kürəm”) verilişinin aparıcısı Vitali Vulf, Bakının birinci ŞHK komandasının əfsanəvi kapitanı Yuli Qusman, qrossmeyster Teymur Rəcəbov kimi məşhur insanlar, Azərbaycanı dünyanın müxtəlif ölkələrində təmsil edən səfirlər, konsullar, habelə tanınmış kinematoqrafçılar, alimlər 160 saylı məktəbin məzunlarıdır.
Məzunların görüşü səmimi və mehriban şəraitdə keçmişdir. Gələn ilədək vidalaşan “məktəblilər” müəllimlərini və doğma məktəbi unutmayacaqlarına söz vermişlər.