CƏMİYYƏT
“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik
Bakı, 3 may, AZƏRTAC
Azərbaycanın texnologiya ölkəsinə çevrilməsi üçün əlimizdən gələn dəstəyi hər zaman davam etdirəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Cümhuriyyətinin “Bilişim Vadisi”nin direktoru Erkam Tüzgen jurnalistlərə açıqlamasında söyləyib.
“Bilişim Vadisi” olaraq Türkiyədə sahibkarlığın asanlaşdırılması və genişləndirilməsi üçün fəaliyyət göstərdiklərini diqqətə çatdıran E.Tüzgen deyib: “ASAN xidmət”lə bərabər Azərbaycanda da “Gələcək üçün bacarıqlar” inkubasiya proqramını həyata keçiririk. Azərbaycanda sahibkarlığın asanlaşdırılması və genişləndirilməsi, gənclərin bu istiqamətdə həvəsləndirilməsi və texnologiyanın inkişafı istiqamətində ölkələrimiz qarşılıqlı tədbirlər görməkdə davam edir. Azərbaycanda fəaliyyət göstərdiyimiz müddət ərzində müxtəlif əməkdaşlıqlar qurduq. Bu proqramın da uğurla həyata keçirilməsinə əminəm. Bununla bağlı işlərimiz davam etdirilir. Bu istiqamətdə bacarıqlı gənclərin ideyalarının həyata keçirilməsində dəstəyimizi hər zaman ifadə edəcəyik”.