CƏMİYYƏT
Böyük Britaniyanın Baş Nazirinin ofisi qarşısında Gəncə terroruna etiraz edilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Londonda yaşayan azərbaycanlılar Böyük Britaniyanın Baş Naziri Boris Consonun ofisinin qarşısında icazəli aksiya keçiriblər. Aksiya zamanı işğalçı Ermənistan ordusunun Gəncə şəhərində terror aktı törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması pislənib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan icmasının təşəbbüsü ilə təşkil olunan aksiyada türk icmasının təmsilçiləri və şəhər sakinləri də iştirak ediblər.
Əllərində Gəncə terrorunun qurbanlarının adları yazılan plakatlar tutan aksiya iştirakçıları onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İştirakçılar “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son qoyun!” kimi şüarlar, ingilis dilində bəyanatlar səsləndirib, Boris Consonu və Britaniya ictimaiyyətini mülki şəxslərin, xüsusilə də uşaqların qətlə yetirilməsinə biganə qalmamağa çağırıblar. Ermənilərin təxribatçı cəhdlərinə baxmayaraq, aksiya insidentsiz başa çatıb.