ELM VƏ TƏHSİL


20 Yanvar Azərbaycanın istiqlalı yolunda milli kimliyimizin dünyaya bəyan edilməsinin başlanğıcıdır

Bakı, 20 yanvar, AZƏRTAC

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan onlayn tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə elmi müəssisənin direktoru, akademik Teymur Kərimli qeyd edib ki, qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar tarixi Azərbaycanın istiqlalı yolunda müstəqillik əzmimizin, milli kimliyimizin dünyaya bəyan edilməsinin başlanğıcı oldu. Keçmiş SSRİ rəhbərliyi tərəfindən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və ölkədə baş verən proseslərə, xəyanətkarlığa etiraz edən xalqımıza qarşı misli görünməmiş amansızlıq və qəddarlıq nümayiş etdirildi. Növbəti gün ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bəyanatla çıxışından sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi. 1994-cü il martın 29-da isə Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. Sovet silahlı qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi nəticəsində dinc əhalinin qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən törədilən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Akademik Teymur Kərimli vurğulayıb ki, həmin hadisədən 31 il keçməsinə baxmayaraq, xalqımız o qanlı faciənin ağrı-acısı ilə yaşayır. Uzun illərdən bəri torpaqlarımızı işğal etmiş erməni faşizmi üzərində ötən il qazanılmış böyük qələbə sayəsində bu il xalqımız şəhidlərimizin xatirəsini kədər, hüzn hissi ilə yanaşı, daha fərqli duyğuyla yad edir: “Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan xalqımız şanlı qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində tarixi zəfər çaldı. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi, rəşadətli Milli Ordumuzun cəsarəti, peşəkarlığı sayəsində illərdir həsrətini çəkdiyimiz doğma Qarabağ və onun ətrafındakı ərazilərimiz işğaldan azad olundu. Ötən əsrin sonlarından bu günə kimi Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin qisası alındı”.

Akademik Teymur Kərimli çıxışının sonunda postmüharibə dövründə alimlərimizin üzərinə düşən vəzifələrdən də söz açıb. Qeyd edib ki, hazırda silahlar sussa da ziyalılarımızın sözünə, mütəxəssislərimizin tədqiqatlarına geniş yer verilməli, mənfur düşmənin hiyləsi yerindəcə ifşa olunmalıdır.

Tədbirdə, həmçinin institutun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov, şöbə müdirləri, filologiya üzrə elmlər doktorları, professor Kamandar Şərifov, professor Azadə Musayeva, aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Günaydın, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, şanlı qələbə ilə erməni faşizminə elə bir dərs verildi ki, onlar bu dərsi heç zaman unutmayacaqlar. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə xalqımızın əzmini, birliyini daha da artırdı. Artıq bayrağımız Şuşa qalasında dalğalanır, şəhidlərimizin ruhu şaddır, onların qanı yerdə qalmadı, qisası alındı. Bu günlər Şəhidlər Xiyabanına gələn böyükdən kiçiyə hər kəs ərazi bütövlüyünü təmin etmiş ölkənin vətəndaşı kimi böyük qürur hissi keçirərək istiqlal fədailərimizin xatirəsini ehtiramla yad edir. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə şəfa versin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.