MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanasında növbəti tədbir Silahlı Qüvvələr Gününə həsr olunub
Bakı, 24 iyun, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 26 İyun -Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə “Azərbaycan ordusunun qəhrəmanlıq tarixi” adlı tədbir təşkil edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bu gün Qafqazda ən müasir ordu sayılan Azərbaycan Milli Ordusunun əsasının qoyulma tarixi, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi haqqında məlumat verib.
Şair Qismət Məsim Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 2007-2011-ci il üçüncü taboru buraxılışlarının şəhidlərinə həsr edilən tərtibçisi olduğu “Ölümsüzlər” kitabının yazılıb ərsəyə gəlməsindən, kitabda on altı igidin qəhrəmanlıqla dolu həyat yolunun əks etdirilməsindən, Birinci Qarabağ savaşında ataların gördüyü işlərin İkinci Qarabağ müharibəsindən danışıb, çıxışını “Ata, qolların hanı” şeiri ilə yekunlaşdırıb və beş nüsxə “Ölümsüzlər” kitabını kitabxanaya hədiyyə verib.
Şair, jurnalist Elşad Barat cəbhə xatirələrindən, “Ali Baş Komandanın səsi” reportajından tədbir iştirakçılarına söhbət açıb. Hələlik iki yüz Qarabağ şəhidinə şeir həsr eləməsini, torpaqlarımızın işğalı uğrunda şəhid olan bütün vətən oğullarına şeirlər yazacağını diqqətə çatdırıb. Sonra şair müəllifi olduğu “Bumeranq” kitabını kitabxanaya hədiyyə edib.
Tədbirin sonunda “26 iyun -Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” adlı kitab sərgisinə baxış keçirilib.