REGİONLAR


Mingəçevir Dövlət Universitetində şəhid məzunların xatirəsinə həsr olunan anım tədbiri keçirilib

Bakı, 23 oktyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) təşkilatçılığı ilə universitetin şəhid məzunları Oruc Nəcəfli və Kənan Abdullayevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində tarixi Zəfərin qazanılmasından danışan rektor ölkəmizin gücünü və yenilməzliyini dünyaya nümayiş etdirən, 30 illik işğala son qoyan igid əsgər və zabitlərimizlə qürur duyduğunu bildirib.

Əzəli torpaqlarımızın işğaldan azad edilməsi ilə tarixi ədalətin və milli ləyaqətin bərpa edildiyini vurğulayan Ş.Bayramov 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan tarixinin şanlı səhifələrini yazan şəhidlərin əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını qeyd edib.

Doğma torpaqlarımızın azad və firavan gələcəyi naminə canından və qanından keçən Oruc və Kənan kimi qəhrəmanların Azərbaycan gəncliyinə ən parlaq örnək olduğunu deyən rektor onların simasında bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

Yüksək şücaət, fədakarlıq və vətənpərvərlik nümunələrini ortaya qoyan şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinin dövlətin daim diqqət mərkəzində olduğunu bildirən Ş.Bayramov MDU-da şəhid məzunların təhsil aldıqları doğma məkanda tələbə gənclərə tanıdılması və onların göstərdikləri şücaətlərin təbliğ edilməsi istiqamətində görülən işlərdən və bu istiqamətdə universitetdə yeni yaradılan TVİM-in uğurlu fəaliyyətindən söhbət açıb.

Vətəninə, xalqına və dövlətinə Kənan və Oruc kimi layiqli övladlar yetişdirən valideynlərə dərin ehtiramını bildirən rektor tədbirdə iştirak etdiklərinə görə şəhid məzunların ailə üzvlərinə və döyüş yoldaşlarına təşəkkürünü ifadə edib.

Sonra şəhid Oruc Nəcəfli və şəhid Kənan Abdullayevin əziz xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib. Videoçarxda qəhrəman məzunların uşaqlıq illərindən, orta məktəb və universitet xatirələrindən, keçdiyi şərəfli döyüş yollarından bəhs edilib.

Tədbirdə şəhid Kənan Abdullayevin anası Azadə xanım və Oruc Nəcəflinin anası Flora xanım övladları ilə bağlı xatirələrini bölüşüb, göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini çatdırıb və qəhrəman övladlarının məzunu olduqları universitetdə adlarının uca tutulmasından məmnunluqlarını ifadə ediblər.

Şəhid məzunların tələbəlik illərindən danışan MDU əməkdaşlarından Nüşabə Qədimli, Arif Tağıyev və Ofeliya Səmədova onların məsuliyyətli, mehriban, vətənpərvər, çalışqan və fəal gənc olduqlarını, tələbə dostlarına və müəllimlərinə hər zaman böyük hörmətlə yanaşdıqlarını qeyd ediblər, şanlı tariximizin yazılmasında igidlik göstərən belə qəhrəman oğullarla hər zaman qürur duyduqlarını bildiriblər.

Vətən müharibəsi qaziləri Tofiq Zeynalov və Rasim Qurbanov şəhid məzunlar ilə tanışlıqlarından, birlikdə iştirak etdikləri döyüşlərdən, onların göstərdikləri fədakarlıq və şücaətdən danışıblar, MDU-da gənclərin vətənpərvər ruhda yetişdirilməsi baxımından böyük önəm kəsb edən silsilə tədbirlərin keçirilməsini təqdirəlayiq hesab ediblər.

Tədbirdə MDU tələbələrinin ifasında vətənpərvərlik mövzusunda monoloqlar və şeirlər səsləndirilib, qəhrəman şəhidlərimizə həsr edilən döyüş səhnələri canlandırılıb.

Bildirilib ki, Azərbaycan Ordusunun leytenantı Kənan Abdullayev 2011-2015-ci illərdə MDU-da ali təhsil alıb. 2020-ci il oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik məqamına yüksəlib.

Oruc Nəcəfli 2007-2011-ci illərdə MDU-da ali təhsil alıb. Suqovuşan, Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 17-də “Tülkü dərəsi” adlandırılan ərazidə qəhrəmancasına şəhid olub.

Döyüş əməliyyatlarında vəzifə borclarını şərəflə yerinə yetirdiklərinə görə universitetin hər iki qəhrəman məzunu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Vətən uğrunda” medalları ilə təltif edilib.

Qeyd edək ki, tələbələrin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsi işinə xüsusi önəm verən MDU-da Vətən müharibəsinə və əldə edilən tarixi Zəfərə həsr olunan, qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsinə, cəsur əsgər və zabitlərimizin göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin tələbə gənclərə ötürülməsinə xidmət edən, tariximizin faciəvi və şanlı səhifələrinin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə fəaliyyətləri çevik və səmərəli əlaqələndirmək üçün universitetdə Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.