REGİONLAR
Gəncədə “İlkin yardım tərəfləri üçün insan alveri qurbanlarının müəyyən edilməsi” mövzusunda təlimlər start götürüb
Gəncə, 27 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Oktyabrın 27-də Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan BMqT-nin Azərbaycandakı nümayəndəliyi Gəncə şəhərində “İlkin yardım tərəfləri üçün insan alveri qurbanlarının müəyyən edilməsi” mövzusunda üç günlük təlimə başlayıb.
Təlimin açılış sessiyasında BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət layihəsi” çərçivəsində təşkil olunan təlimdə Gəncə, Şəmkir, Tovuz rayonlarının polis bölmələrinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli nümayəndəliyinin və sosial xidmət sahəsində çalışan qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak edirlər. Təlim insan alveri və insan alverinə qarşı mübarizənin əsas konseptləri, insan alveri qurbanlarının aşkar edilməsi, onların identifikasiyası, istiqamətləndirilməsi, kommunikasiya zamanı etik qaydalar və ehtimal olunan qurbanlarla müsahibənin aparılması, Azərbaycanda standart fəaliyyət prosedurları və milli istiqamətləndirmə mexanizmlərini əhatə edir.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət layihəsi” mövcud və potensial insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq qurbanlarına yardım göstərən vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarına texniki və maliyyə dəstəyi göstərir. Həmçinin insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq formaları ilə mübarizə sahəsində çoxtərəfli koordinasiya və əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.