SİYASƏT


2021-ci ilin əsas hadisələri

Bakı, 30 dekabr, AZƏRTAC

2021-ci il Azərbaycan tarixinə daha bir parlaq səhifə kimi yazıldı. Dünyada hökm sürən dərin sosial-iqtisadi böhrana baxmayaraq, bir çox əsas sahələr üzrə inkişaf templəri qorunub saxlanıldı.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti nəticəsində Qarabağ zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirildi, ölkəmizin beynəlxalq nüfuzu daha da gücləndirildi və qarşıya qoyulan əsas hədəflərə nail olundu. 2021-ci il, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə yadda qaldı.

AZƏRTAC ilin bu və ya digər əsas hadisələri barədə informasiyaları xronoloji ardıcıllıqla təqdim edir.

1 yanvar. İcbari tibbi sığortanın tətbiqinə başlanıldı

5 yanvar. Azərbaycan Respublikası Prezidenti 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzaladı

11 yanvar. Prezident İlham Əliyev Moskvada işgüzar səfərdə oldu. Səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında Birgə Bəyanat imzalandı. Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış etdilər. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü keçirildi.

25 fevral. Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim olundu

5 mart. Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış etdi.

20 mart. Prezident İlham Əliyev Cıdır düzündə Novruz tonqalı yandırdı və Novruz Bayramı münasibətilə xalqı təbrik etdi.

12 may. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının açılışı oldu

 

28 may. Ağdam şəhərinin bərpasının təməl daşı qoyuldu. Prezident İlham Əliyev mərasimdə iştirak etdi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

29 may. Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verildi. Prezident İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış oldu.

4-6 iyun. Bakıda Formula-1 üzrə dünya çempionatının altıncı mərhələsi - Azərbaycan Qran-Prisi keçirildi.

15 iyun. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada rəsmi səfərdə oldu. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etdilər.

7 iyul. Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərman imzaladı. Fərmana əsasən, Azərbaycanda iki yeni iqtisadi rayon – Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldı.

13 iyul. Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin videoformatda aralıq konfransı keçirildi. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olundu.

27 iyul. Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında Bakı Bəyannaməsi imzalandı.

17 avqust. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini qoydular.

 

29 avqust. Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu.

29 avqust. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olundu.

 

30 avqust. Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə Vaqif Poeziya Günləri yenidən təşkil olundu.

5-8 sentyabr. Azərbaycan idmançıları XVI Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq böyük uğura imza atdılar. Azərbaycan komandası 163 ölkə arasında 10-cu sırada yer aldı.

 

23 sentyabr. BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olundu.

 

5 oktyabr. Prezident İlham Əliyev Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

18 oktyabr. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Füzuli şəhərin bərpasının təməl daşı qoyuldu.

20 oktyabr. Bakıda “Rebuild Karabakh” - Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisinin açılışı oldu. Sərgidə dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları nümayiş etdirildi.

26 oktyabr. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi.

8 noyabr. Şuşada Topxana meşəsinin bərpasına start verildi və ağacəkmə aksiyası keçirildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər.

12 noyabr. Türk Dövlətləri Təşkilatı yaradıldı. İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü çərçivəsində təşkilatın adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildi.

12 noyabr. Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim olundu. İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Ali Ordeni dövlətimizin başçısına Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim etdi.

19 noyabr. COVID-19 peyvəndləri ilə bağlı Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT-yə üzv dövlətlər tərəfindən qəbul edildi. Qətnaməyə BMT üzvü olan 126 dövlət həmmüəllif qismində qoşuldu.

26 noyabr. Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri arasında üçtərəfli görüş oldu.

28 noyabr. Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etdi. Dövlətimizin başçısı Zirvə Toplantısında çıxış etdi.

14-15 dekabr. Prezident İlham Əliyev Brüsseldə Şimali Atlantika Şurasının iclasında və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak etdi

27 dekabr. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yeni binası ilə tanış oldu. Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verdi.

28 dekabr. Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.