İQTİSADİYYAT
2020-ci ilədək Azərbaycanda 420 meqavat gücündə bərpaolunan enerji stansiyaları quraşdırılacaq
Bakı, 1 iyun, AZƏRTAC
Bakıda bərpaolunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsinə həsr olunan seminar keçirilir.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən (ABOEMDA) AZƏRTAC-a bildirilib ki, mayın 31-i iyunun 1-i tarixlərində Bakıda Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və ABOEMDA-nın təşkilati dəstəyi ilə Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi - ekspert məsləhətləşmələrinə həsr olunan seminar keçirilir. Seminar Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə sahəsində mövcud çətinlikləri və imkanları müzakirə etmək məqsədilə bərpaolunan enerji sahəsində maraqlı tərəfləri bir araya gətirmək məqsədi daşıyır.
ABOEMDA-nın sədr müavini Cəmil Məlikov Dövlət Agentliyinin fəaliyyət proqramının birmənalı olaraq, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilən tapşırıqların icrasına yönəldiyini bildirib. Onun sözlərinə görə, aprelin 9-da keçirilən müzakirələr zamanı alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin aktuallığı məsələlərinə toxunulub: “Biz mütləq alternativ enerji mənbələri yaratmalıyıq. Külək, Günəş, Su elektrik stansiyaları tikilməlidir”, - deyən Prezident İlham Əliyev bu günə kimi alternativ və bərpaolunan enerji mənbələri sahəsinin yaradılmasında tarixi işlər görüb. Məhz bu səbəbdən də, ABOEMDA-nın strateji yol xəritəsinə uyğun olaraq, başlıca hədəfi 2020-ci ilə qədər 420 meqavat qoyuluş gücü olan külək, günəş və bio enerji stansiyalarının quraşdırılması üzrə fəaliyyətini davam etdirir”.
Daha sonra IRENA-nın baş proqram icraçısı Gurbuz Gonul çıxış edərək bərpaolunan enerjinin sosial-iqtisadi faydalarından danışıb. Onun sözlərinə görə, Azərbaycanda enerji sektoru və bərpaolunan enerji sahəsinin inkişafına mütləqsürətdə ümumi baxış keçirilməlidir.
İki gün davam edən ekspert məsləhətləşmələrinə həsr olunmuş seminar müzakirələrin keyfiyyətini artırmaq və ekspertlərin tövsiyələrini səmərəli şəkildə dinləmək məqsədilə hər bir mövzu və istiqamətlər üzrə diskussiya panellərinə ayrılaraq öz işinə davam etdirib.