İDMAN
2021-ci ildə yeni qaydaların əsas cəhətlərini razılaşdırmaqdan ötrü Formula 1-in dörd aydan az vaxtı qalıb
Bakı, 1 mart, AZƏRTAC
Formula 1-in 2021-ci ildə yeni qaydaların əsas cəhətlərini razılaşdırmaq üçün dörd aydan az vaxtı qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Formula 1 qrupunun baş icraçı direktoru Çeyz Keri bildirib.
2020-ci ilin sonunda Formula 1 komandaları ilə FOM (Formula One Management) arasında razılaşma qüvvədən düşür. Lakin 2021-ci il üçün hələ ki, dəqiq texniki reqlament yoxdur. Beynəlxalq Avtomobil Federasiyası onu cari ilin iyununadək Formula 1-dən tələb edib.
“Biz başa düşürük ki, şərtləri mümkün qədər tez müəyyən etmək istəyən ümumi bazarlar var. Lakin biz lazım olan vaxtı sərf edərək əmin olacağıq ki, partnyorlarımızla hər şey düzgün razılaşdırılır. Bəli, elə qurumlar var ki, bizi iyun ayınadək müəyyənləşməyə məcbur edir.
Mənim komandalar ilə danışıqları konkret müddətdə dəqiqləşdirmək fikrim yoxdur. Vaxt gedir, bu həftə mənim komandalarla bir neçə görüşüm keçirilib. Bu səbəbdən də vaxt həddən artıq sürətlə ötür. Biz 2021-ci il üçün məsələləri həll etmək istəyirik, hələ vaxtımız var. Lakin biz hamımız gələcək barədə dəqiq təsvirə malik olmaq istərdik. Buna görə də danışıqları tez başa çatdırmağa çalışırıq. Sözsüz ki, iyunadək müəyyənləşdirmək istədiyimiz bəzi komponentlər var. Biz irəli addımlamağı düşünürük”, - deyə “RaceRans” Keridən sitat gətirir.