QAN YADDAŞI
20 Yanvar Azərbaycanın tarixinə əbədi həkk olunmuş bir gündür
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar Azərbaycanın tarixinə əbədi həkk olunmuş bir gündür. Ona görə ki, bu gün xalqımızın milli hərəkat azadlığının bir nümunəsidir.
Bu fikirləri yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətə gələn Dövlət İqtisad Universitetinin kafedra müdiri, professor İrşad Kərimov AZƏRTAC-a müsahibəsində deyib.
Keçmiş SSRİ məkanında öz müstəqilliyi uğrunda daim mübarizə aparan, böyük milli–mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı öz müstəqilliyini bərpa etmək uğrunda təlatümlü günlər keçirib. O günlərdən biri də 20 Yanvar hadisəsidir.
İrşad Kərimov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının əsasən ermənilərdən təşkil olunmuş ordu birləşmələri tərəfindən öz müstəqilliyinə, azadlığına qovuşmaq istəyən yüzlərlə günahsız insan - qadın, qoca və uşaq vəhşicəsinə qətlə yetirilib. Azərbaycanın vətənpərvər övladları özlərini tankın, zirehli maşınların qarşısına ataraq, şəhidlik zirvəsinə ucalıblar. 20 Yanvar faciəsi insanlığa qarşı cinayətdir. Həmin hadisələr daim bizim yaddaşımızda qalacaq. İllər ötsə də, qədirbilən xalqımız azadlıq mücahidlərini heç vaxt unutmayacaq.
Alim qeyd edib ki, Azərbaycan xalqı bu hadisələrdən böyük ibrət dərsi, qəhrəmanlıq nümunəsi götürdü. Odur ki, 20 Yanvar hadisəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Biz də bu günü qeyd etməyə, şəhidlərimizin ruhunu yad etməyə gəlmişik. Bu, həm də gənclərimizə bir örnəkdir. Şəhidlərimizə Allahdan rəhm diləyirik.