REGİONLAR
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir
Astara, 19 yanvar, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” sənədli film nümayiş olunub.
Anım tədbirində çıxış edən Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova qeyd edib ki, 1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 32 il ötür. Hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Toplantıda Astara Rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımovanın mövzuyla bağlı məruzəsi dinlənilib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin direktoru Asim Yusifov, Astara rayon Ərçivan qəsəbə 4 nömrəli tam orta məktəbinin tarix müəllimi İradə Rzayeva çıxışlarında qeyd ediblər ki, Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaq.