QAN YADDAŞI
20 Yanvar hadisələri tariximizin qəhrəmanlıq səhifəsidir
21 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan anma mərasimi keçirilib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 20 Yanvar faciəsinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələri barədə məlumat verib. Qeyd edilib ki, həmin gecə xalqımızın azadlığını hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Bu hadisə tariximizin qəhrəmanlıq səhifəsidir.
DİM Direktorlar Şurası sədrinin müavini Namiq Babayev Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi olan bu günün əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, bu dəhşətli faciə xalqımızın yaddaşından heç zaman silinməyəcək.
Tədbirdə digər çıxış edənlər 20 Yanvarın xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi olduğunu bildiriblər. Vurğulanıb ki, bu tarix hər bir azərbaycanlı üçün qürur mənbəyidir.