ELM VƏ TƏHSİL
20 Yanvar şəhidləri qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazıblar
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu söyləyib. Bildirilib ki, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları sovet ordusunun ağır hərbi texnikasının, silahlanmış amansız hərbçilərinin qarşısına əliyalın çıxaraq əsl fədakarlıq göstəriblər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazıblar. Həmin gün yaddaşlara sovet rejiminin Azərbaycan xalqının milli-azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olunub. Əslində, bu, öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqa qarşı siyasi və hərbi təcavüz idi. Bu hadisələrdə xalqımız bir daha sübut etdi ki, istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa bilər, Azərbaycan övladları öz həyatlarını müstəqillik uğrunda qurban verə bilərlər.
Gövhər Baxşəliyeva həmin hadisələrin müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu deyib. Qeyd edib ki, o dəhşətli günlərdə xalqımız yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacardığını göstərib.
Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin müdiri Esmeralda Həsənova, İran filologiyası şöbəsinin böyük elmi işçisi Şəmsi Əhmədov, elmi müəssisənin Həmkarlar Təşkilatının sədri Sübhan Talıblı və başqaları çıxış edərək həmin qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söyləyiblər.