REGİONLAR
Naxçıvanda dezinfeksiya tədbirlərinin növbəti mərhələsinə başlanılıb
Naxçıvan, 1 iyul, AZƏRTAC
Naxçıvanda infeksiyaların, yoluxucu, mövsümü xəstəliklərin yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə iyulun 1-dən növbəti genişmiqyaslı dezinfeksiya tədbirlərinə başlanılıb. Tibbi-profilaktik tədbirlər iyulun 10-dək davam etdiriləcək.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, qrafik əsasında səhər saatlarından etibarən nazirliyin 12 xüsusi təyinatlı avtomobilinin iştirakı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarındakı avtomobil yolları, piyada səkiləri dezinfeksiya olunub. Fövqəladə Hallar Nazirliyinin 80 nəfərdən artıq şəxs heyəti, Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfeksiya qrupu və Dövlət Baytarlıq Xidmətinin dezinfeksiyaedici avtomobili tərəfindən isə idarə, müəssisə və təşkilatların, yaşayış binalarının, istirahət mərkəzlərinin, muzeylərin, tarix-memarlıq abidələrin, ümumiyyətlə, insanların daha çox istifadə etdiyi yerlərin ətrafı, girişləri dərmanlanır.
Naxçıvan şəhərində xüsusi təyinatlı avtomobillər vasitəsilə Heydər Əliyev prospekti, Əziz Əliyev, Cəlil Məmmədquluzadə və digər küçələrinin avtomobil yolları və piyada səkiləri dezinfeksiya olunub. Şəxsi heyətin iştirakı ilə isə yaşayış binalarının girişi, ətrafı və zirzəmiləri, Əyləncə adası və Sahil parkı, istirahət mərkəzləri, şadlıq sarayları, kafelər, ticarət mərkəzləri və digər ictimai yerlərin daxili, ətrafı dərmanlanıb.
Dərmanlama tədbirləri muxtar respublikanın rayonlarında da aparılıb. Qrafik əsasında Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının avtomobil yolları xüsusi texnikanın köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulub. Həmçinin insanların sıx toplaşdıqları yerlərdə dezinfeksiyaedici maddələrlə tibbi-profilaktik tədbirlər icra edilib.
İyulun 1-də, ümumilikdə, 3 milyon kvadratmetrdən çox sahə dezinfeksiya olunub.