CƏMİYYƏT
22 mart - Ümumdünya Su Resursları Günüdür
Bakı, 22 mart, AZƏRTAC
22 mart - Ümumdünya Su Günü və ya Su Resursları Günüdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu gün BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlanıb. Ümumdünya Su Ehtiyatları Günü haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) səsləndirilib.
Bu günün keçirilməsində məqsəd hər bir kəsin vaxtlı-vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır. Həmin məqsədlə dünyanın müxtəlif yerlərində beynəlxalq, milli və yerli səviyyələrdə su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirilir.
Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir. Respublikanın səth su ehtiyatları əsasən Kür və onun qolları və eyni zamanda, birbaşa Xəzərə tökülən Lənkəran təbii zonası və Quba-Xaçmaz zonası çaylarının axımından ibarət olmaqla 30 kubkilometr təşkil edir ki, bunun da yalnız üçdə biri yerli sularımızdır.
Azərbaycanın su ehtiyatları ölkənin iqtisadiyyatında böyük rol oynayır. İldə 12 kubkilometrdən çox su əhalini, sənayeni, kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələrini təmin etmək məqsədilə çaylardan götürülür. Kənd təsərrüfatı məhsulları əsasən suvarılan sahələrdə yetişdiyindən götürülən suyun üçdə ikisi suvarmada istifadə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi su resurslarımızın mütəmadi olaraq monitorinqini aparır. Həm yerli, həm də transsərhəd çaylardan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə, Ətraf Mühitin Mühafizəsi və digər qanunlara, qanunvericilik aktlarına, o cümlədən üzv olduğumuz beynəlxalq konvensiyalara və razılaşmalara əsaslanmalıdır. Bu zaman çaylarda tələb olunan ekoloji axımı təmin edilməli və su ehtiyatları inteqrasiyalı yanaşma və hövzə prinsipinə uyğun idarə edilməlidir.
Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəs sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə etməli, içməli sudan texniki məqsədlər üçün istifadəni məhdudlaşdırmalı və digər addımlar atmalıdırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hamını Beynəlxalq Su Günü münasibətilə təbrik edir və su resurslarımızın birgə mühafizəsi sahəsində sıx əməkdaşlığa çağırır.