SİYASƏT
34 saylı Xətai ikinci seçki dairəsində seçkiləri 500-dən çox müşahidəçi izləyir
Bakı, 1 noyabr, Elvin Camalov, AZƏRTAC
34 saylı Xətai ikinci seçki dairəsində parlament seçkiləri ilə bağlı səsvermə seçicilərin fəallığı ilə başlayıb.
Səhər saat 8:00-da bütün məntəqələr açılıb. Seçicilər səhər saatlarından məntəqələrə üz tutur, istədikləri namizədlərə səs verirlər.
34 saylı Xətai ikinci seçki dairəsinin sədri Rafael Mehdiyev AZƏRTAC-a bildirib ki, dairədə 35 məntəqə fəaliyyət göstərir. Dairə üzrə seçicilərin ümumi sayı 42 min 674 nəfərdir. Seçkilərin şəffaf və demokratik keçməsi üçün 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Hər məntəqədə daşınan qutular yerləşdirilib.
Dairə üzrə 7 nəfər deputatlığa namizəd qeydə alınıb. Onlardan dördü siyasi partiyanı təmsil edir, üçü isə müstəqil namizəddir. Məntəqələrdə səsverməni yerli müşahidəçilərlə yanaşı, xarici ölkələrdən olan müşahidəçilər də izləyirlər.
15 saylı məntəqənin ilk açılışında Qırğızıstan səfirliyinin müşahidəçisi iştirak edib. O, səsvermənin gedişatını izləyib, təşkilatçılığı yüksək qiymətləndirib.