İQTİSADİYYAT
Azərbaycanın kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi İstanbuldakı Xəzər Strateji İnstitutunda olmuşdur VİDEO
İstanbul, 18 noyabr (AZƏRTAC). Noyabrın 18-də Azərbaycanın kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Türkiyənin İstanbul şəhərindəki Xəzər Strateji İnstitutunda (HASEN) olmuşdur.
AZƏRTAC xəbər verir ki, əvvəlcə institutun fəaliyyətindən bəhs dən videoçarx nümayiş etdirilmişdir.
Sonra HASEN-in baş katibi Haldun Yavaş çıxış edərək bildirmişdir ki, institutun yaradılmasında məqsəd Xəzər bölgəsi ilə əlaqədar xüsusi araşdırmalar aparmaq, enerji, beynəlxalq əlaqələr, təhlükəsizlik, iqtisadiyyat, təhsil, mədəniyyət və ətraf mühit mövzularında strateji təkliflərlə çıxış etməkdir. HASEN bu istiqamətdə elmi müzakirələri və araşdırmaları təşviq edən beynəlxalq görüşlər təşkil edir, materiallar nəşr etdirir. H.Yavaş demişdir ki, HASEN Xəzər bölgəsində əməkdaşlığı gücləndirən qabaqcıl müzakirə, araşdırma və iş platforması kimi çıxış etmək niyyətindədir.
Qeyd olunmuşdur ki, bu il dekabrın 4-5-də HASEN-in təşkilatçılığı ilə İstanbuldakı Çırağan sarayında üçüncü Xəzər Forumu keçiriləcəkdir. Üç paneldən ibarət olacaq forumda TANAP, TAP və “Cənub” qaz dəhlizi layihələrinin səmərəliliyi müzakirə ediləcəkdir. Forumda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın, Gürcüstanın energetika naziri Kaxa Kaladzenin, Yunanıstanın və İtaliyanın müvafiq qurumlarının nümayəndələrinin iştirakı gözlənilir. Ümumilikdə forumda 35 ölkədən müxtəlif sahələr üzrə nümayəndələr iştirak edəcəklər.
Qeyd olunmuşdur ki, növbəti forum gələn ilin fevral ayında Belçikanın paytaxtı Brüsseldə keçiriləcəkdir. 2014-cü ilin sentyabr ayında isə ikinci Nyu-York Xəzər Forumu keçiriləcəkdir. Bu il, həmçinin HASEN tərəfindən “İlin dövlət adamı” və “İlin layihəsi” mükafatları da təqdim olunacaqdır.
HASEN-in professoru İbrahım Palaz çıxışında qeyd etmişdir ki, İlham Əliyevin yenidən prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyəsindən xəbər verir. O, “Marmaray” və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin əhəmiyyətindən də danışmışdır.
İnstitutun əməkdaşı Əfqan Niftiyev bildirmişdir ki, qurum tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə davamlı olaraq görüşlər təşkil olunur. Onlara təşkilatın planlaşdırdığı layihələr haqqında əhatəli məlumatlar verilir, birgə müzakirələr aparılır. HASEN-in bu il təşkil etdiyi Xəzər yay məktəbində 10 ölkədən 22-ə yaxın iştirakçı qatılmışdır. Həmçinin qurum 10 min nüsxə tirajla “Xəzər World” adlı rüblük jurnal nəşr etdirir, Xəzər bölgəsi üçün əhəmiyyətli mövzuları, məlumatları oxucuların diqqətinə çatdırır.
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılmış, jurnalistlərin sualları cavablandırılmışdır.